Müəlliflər üçün qaydalar
«Acta Botanica Caucasica» jurnalına çap üçün təqdim olunan məqalələrə qoyulan ümumi tələblər aşağıda qeyd olunanları ehtiva edir: məqalə orijinal olmalı, aydın və məntiqi ardıcıllıqla yazılmalı, dəqiq redaktə olunmalı və yeni məlumatları əks etməlidir. Eksperimental tədqiqat məqalələrinə üstünlük verilir. Əlyazmalar [email protected] email ünvanına göndərilməlidir.
Materialın tərtibatına dair texniki tələblər
Məqalələr Microsoft Word redaktorundan istifadə ilə hazırlanmalıdır. Əlyazmalar *.doc, *.docx və ya *.rtf formatında Times New Roman, 12 ölçülü şrift ilə, sətirlərarası məsafə 1,5 interval olmaqla yığılmalı, səhifənin hər bir kənarından 2,5 sm saxlanmalıdır. Əsas mətn 1,25 sm abzasla yığılmalı, başlıq, xülasə və açar sözlər- abzas olmadan yazılır. Bütün səhifələr aşağı, sağ tərəfdən nömrələnməlidir.
Məqalə aşağıdakı kimi formatlanmalıdır:
Abstraktda (150-200 söz) məqsəd, metod, əsas nəticələr və praktiki əhəmiyyət göstərilməlidir.
Açar sözlər və ya ifadələr 5-dən çox olmamalıdır.
Giriş tədqiqatın müasir vəziyyətini, problem və məqsədlərini özündə əks etdirməlidir, istinadlarda son illərin ədəbiyyatlarına üstünlük verilməlidir;
Material və metodlar. Metodlar qısa və aydın şəkildə təsvir edilməli və ya uyğun çap işinə istinad edilməlidir. İstifadə olunan reaktivlər və avadanlıqlar üçün istehsalçı və ölkələrin adı göstərilməlidir.
Tədqiqatın nəticələri. Nəticələr qısa və konkret olmalıdır.
Nəticələrin müzakirəsi. Gələcək tədqiqatlar üçün əsas məqamlar, nəticələr və perspektivlər ümumiləşdirilməlidir. Giriş və Nəticələr bölmələrindən fikirlər təkrarlanmamalıdır;
Minnətdarlıq. Tədqiqat işinə göstərilən dəstəyə görə minnətdarlıq, onları maliyyələşdirən fondların adları (qrant №) məqalənin sonunda yerləşdirilməsi məsləhətdir.
İstinadlar. İstinadların siyahısı əlifba sırası ilə olmalıdır. Jurnallar üçün müəlliflərin soyadı və inisialları, nəşr ili, nəşr adı, jurnalın adı, nəşr sayı və səhifələr göstərilməlidir. Kitablar və konfrans əsərləri üçün müəlliflərin soyadı və inisialları, nəşr ili, nəşr adı, şəhər, nəşriyyat və səhifələr göstərilməlidir. İngilis dilində çap olunmayan istinadlar ingilis dilinə tərcümə olunaraq və mötərizədə əsərin orijinal forması göstərilməklə təqdim edilir.
Mətndə biblioqrafik istinadlar aşağıdakı kimi göstərilməlidir:
bir müəllif – [Schaft, 1931],
iki müəllif – [Plaza and Sánchez-Moreno, 2011],
ikidən çox müəllif – [Santesson et al., 2004].
Cədvəl və şəkillər. Cədvəl və şəkillər say ardıcıllığı və məzmunlarını göstərən başlıqlara malik olmalıdırlar. Cədvəllər Microsoft Word redaktorundan istifadə ilə tərtib edilir. Şəkillərin görüntü imkanı (rezolusiyası) 600 dpi-dən az olmamalıdır. Məqalədə göstərilən sxemlər, diaqramlar və digər fotoşəkillər yalnız JPEG və PNG formatlarında olmalıdır.
Riyazi və kimyəvi formullar. Riyazi formulaların yaradılması üçün Microsoft Equation redaktoru, kimyəvi formul, kimyəvi reaksiyaları sxemi və s. üçün – ChemWindow, ChemDraw proqramından istifadə edin.
Akronimlər və abbreviaturalar. Ümümi qəbul edilmiş akronimlər (IUCN, ICN, sm, m, kq, q, α, μ və s.) istisna edilməklə digər məqalədə istifadə edilən akronimlərin ilk qeyd edildiyi yerdə açıqlaması verilməlidir.